Ukrayna Prezidenti Vladimir Zelenski Brüsselə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.
Ukrayna dövlətinin başçısı Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verilən dəstəyə görə təşəkkür edib və Azərbaycanın qanunsuz həbs edilmiş şəxslərin azad edilməsi prosesində iştirakının mümkünlüyü məsələsinə toxunub.
"Rusiyada qanunsuz olaraq saxlanılan Ukrayna vətəndaşlarının, xüsusən də Krım tatarlarının azad edilməsi məsələsi mənim əsas prioritetlərimdən biridir. Bu məsələnin təbliğində mümkün köməyinizə görə sizə minnətdar olacağam”, - deyə Vladimir Zelenski bildirib.
Ukrayna Prezidenti 2019-cu ilin dekabrında Azərbaycana səfəri zamanı əldə olunan razılaşmalar sayəsində iki ölkə arasında ikitərəfli əməkdaşlığın fəallaşdığını qeyd edib.
Ukrayna Prezidenti xatırladıb ki, 2022-ci ilin fevralında Ukrayna ilə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq. Bunu nəzərə alaraq, prezident fevralda Kiyevdə üç dövlətin liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib.
Vladimir Zelenski həmçinin iki ölkə arasında əməkdaşlığın nəqliyyat-logistika potensialına, xüsusilə dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə Avropa-Qafqaz-Asiya marşrutu üzrə yüklərin tranziti üzrə işlərin intensivləşdirilməsinin zəruriliyinə diqqət çəkib.
Ukrayna Prezidenti “İrimiqyaslı tikinti” Milli Proqramı çərçivəsində avtomobil yollarının və nəqliyyat qovşaqlarının tikintisi sahəsində dövlətimizlə Azərbaycan şirkətləri arasında müsbət əməkdaşlıq təcrübəsinin olduğunu xatırladıb.