Dünən Ukraynanın Səfiri
Yuriy Husyev Azərbaycan Respublikasındakı Qətər Dövləti Səfirliyini ziyarət edərək, Qətər Dövlətinin 1995–2013-cü illərdə ölkəyə rəhbərlik etmiş sabiq Əmiri, Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini yazıb.
Qətər Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Həməd Səəd Əl-Fuheyd Əl-Həcri ilə görüş zamanı Ukraynanın Səfiri Yuri Husyev Qətər rəhbərliyinə və xalqına dərin hüznlə başsağlığı verib, ölkənin inkişafı və modernləşdirilməsi istiqamətində mühüm xidmətlər göstərmiş dövlət xadiminin xatirəsini ehtiramla yad edib. O, həmçinin fürsətdən istifadə edərək, Qətər Dövlətinə Ukraynaya göstərdiyi dəyişməz dəstəyə, fəal humanitar yardımına, eləcə də sülhün və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə səmimi minnətdarlığını ifadə edib.