2025-ci il avqustun 24-də Bakıda Ukraynanın Müstəqilliyinin 34-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Ukraynanın Azərbaycandakı Səfirliyi ukraynalı icma, dostlar və tərəfdaşlarla birlikdə Taras Şevçenko abidəsi önündə toplaşaraq Böyük Kobzarı, eləcə də dövlətimizin azadlığı uğrunda mübarizə aparan və bu gün bizləri qoruyan hər kəsi yad ediblər.
Tədbir Ukrayna və Azərbaycan himnlərinin səsləndirilməsi ilə başlayıb. Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev, Ukrayna Ali Radasının Nəqliyyat və İnfrastruktur Komitəsinin sədri Yuriy Kisiel çıxış ediblər. Azərbaycandakı ukraynalı icmaların və təşkilatların rəhbərləri də nitq söyləyiblər. Tədbir iştirakçıları azadlıq və müstəqillik uğrunda həyatını qurban verən qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbir çərçivəsində icmanın fəal üzvlərinə və Ukraynanın dostlarına dövlət mükafatları, Ukrayna Ali Radası Komitəsinin fərqlənmə nişanları və Ukrayna Səfirliyinin Təşəkkürnamələri təqdim olunub.
Ukraynanın Müstəqillik Günü münasibətilə Bakıda Roma-Katolik kilsəsinin Müqəddəs II İohann Pavel parokiyasında Ukraynada sülh və Ukrayna xalqının rifahı üçün ayin keçirilib.
Ukrayna Mərkəzində Sergey Fomenkonun “Poladdan insanlar” sənədli filmi nümayiş etdirilib. Film müharibə dövründə ukraynalıların sınmazlığından bəhs edir.
Bu xüsusi gündə Ukraynanın Azərbaycandakı Səfirliyi bütün ukraynalıları, Azərbaycanın Ukrayna icmasını, Ukraynanın bütün dostlarını və tərəfdaşlarını Müstəqillik Günü münasibətilə təbrik edir! Ölkəmizə ədalətli sülh və tərəqqi, bütün ukraynalılara isə möhkəm sağlamlıq, uğurlar və rifah arzulayırıq!
Yaşasın Ukrayna!