Ukrayna Xarici İşlər Nazirliyi 2025-ci il avqustun 28-nə keçən gecə Rusiya Federasiyası tərəfindən həyata keçirilmiş növbəti kütləvi terrorçu hücumu qətiyyətlə pisləyir.
Rusiya aqressoru Ukraynaya ümumilikdə 629 hava hücumu vasitəsi ilə zərbə endirib: 598 ədəd “Şahed” tipli kamikadze PUA və müxtəlif tipli imitasiya dronları, 2 ədəd X-47M2 “Kinjal” aeroballistik raketi, 9 ədəd “İskander-M”/KN-23 ballistik raketi və 20 ədəd X-101 qanadlı raketi.
Zərbələr nəticəsində yaşayış binaları dağıdılıb və azı 15 nəfər, o cümlədən dörd uşaq həlak olub, azı 38 nəfər yaralanıb. Həlak olmuş ən kiçik uşağın yaşı üçdən az idi. O, 2022-ci ilin oktyabrında rus bombardmanları altında dünyaya gəlib və 2025-ci ilin avqustunda yenidən rus hücumu nəticəsində həyatını itirib.
Uşaqların qətlə yetirilməsi və yaralanması ən ağır cinayətdir və ən sərt cəzanı tələb edir. Beynəlxalq ictimaiyyət rus cinayətkarlarının uşaqları öldürməsinin lal şahidi olaraq qala bilməz. Hər bir dövlət, hər bir lider, hər bir beynəlxalq təşkilat bu vəhşiliyə prinsipial, açıq mövqe və konkret addımlarla cavab verməlidir.
Ukraynaya qarşı həyata keçirilmiş növbəti kütləvi terror hücumu göstərir ki, Rusiya Federasiyası hərtərəfli, ədalətli və davamlı sülhün bərpasına yönəlmiş beynəlxalq səylərə tamamilə məhəl qoymur. Xüsusilə də ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş sülh prosesinin Putun tərəfindən açıq-aşkar rədd edilməsi son dərəcə cılız və həyasız davranışdır. Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa görüşdən imtina edir və diplomatik yolla nizamlanmaya real addım atmaq istəmir. Rusiya Federasiyası bir daha bütün dünyaya sübut edir ki, sülh yolundakı yeganə maneə məhz onun özüdür.
Rusiya – terrorçu dövlətdir və biz bütün dövlətləri və beynəlxalq təşkilatları bu statusu açıq şəkildə tanımağa çağırırıq.
Xüsusi vurğulayırıq ki, hücum zamanı Rusiya Avropa İttifaqının Ukraynadakı Nümayəndəliyinin binasına da zərər vurub. Bu, beynəlxalq hüququn fundamental prinsiplərinin, xüsusən də 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması, diplomatik quruma qəbuledilməz hücumdur. Belə hərəkətlər bütün beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənməli və lazımi tədbirlərlə cavablandırılmalıdır.
Biz bütün dünya dövlətlərini Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi növbəti terror aktını və rus ordusunun dinc əhalini, xüsusən də uşaqları məqsədli şəkildə qətlə yetirməsini pisləməyə, bu vəhşiliklərin dayandırılması üçün konkret addımlar atmağa çağırırıq.
Biz bütün beynəlxalq ictimaiyyətdən, xüsusilə Latın Amerikası, Afrika, Yaxın Şərq və Hind-Sakit okean regionu ölkələrindən güclü və praktiki reaksiya gözləyirik. Onlar dəfələrlə sülh, təmkin və atəşkəs çağırışları ediblər və indi Rusiyanı qətliamı dayandırmağa məcbur etmək üçün real tədbirlər görməlidirlər.
Həmçinin 31 avqust – 1 sentyabr tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlət başçılarının 25-ci iclasının iştirakçılarını bu hücuma dair açıq mövqe nümayiş etdirməyə, beynəlxalq hüququn prinsiplərinə hörmət etdiklərini göstərməyə, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini və ukraynalı uşaqların qətlini qəbul etmədiklərini açıq şəkildə bəyan etməyə çağırırıq.
Biz tərəfdaşlarımızı Ukraynanın hava məkanının qorunması üçün əlavə hava hücumundan müdafiə imkanları, Rusiyanın dövlətimizə hücumlarda istifadə etdiyi hərbi obyektlərinə zərbə endirmək üçün uzaqmənzilli vasitələr, əlavə hərbi yardım paketləri verməyə təcili çağırırıq.
Biz Rusiya Federasiyasına qarşı təzyiqlərin artırılmasına çağırırıq. Buraya əlavə güclü sanksiyaların tətbiqi, o cümlədən Avropa İttifaqının 19-cu sanksiya paketinin ən qısa zamanda qəbul edilməsi, Rusiyanın beynəlxalq maliyyə sistemlərindən tam kənarlaşdırılması, neft tanker “kölgə donanmasına” qarşı sanksiyalar, Rusiyanın hərbi iqtisadiyyatını zəiflədəcək və müharibəni maliyyələşdirməsini mümkünsüz edəcək güclü tariflərin tətbiqi, Rusiya hərbi-siyasi rəhbərliyinə qarşı fərdi sanksiyaların sərtləşdirilməsi və sanksiyaların yan keçilməsinin qarşısının alınması daxildir.
Biz etiraf etməliyik ki, Rusiya Federasiyası bütün sülh səylərini açıq-aşkar rədd edir və yalnız öz terrorunu gücləndirir. Atəşin tam və şərtsiz dayandırılması diplomatiyanın sülh yolunda uğuru üçün ən effektiv addım olaraq qalır.
Moskva dünya sülh təşəbbüslərinə belə raket hücumları ilə cavab verdiyi müddətdə, müharibəyə yalnız “qüvvə ilə sülh” yanaşması son qoya bilər. Bu siyasət Ukraynanın dəstəklənməsini, Rusiyaya qarşı diplomatik, iqtisadi və hərbi təzyiqlərin artırılmasını nəzərdə tutur. Yalnız bu yanaşma Putini terroru dayandırmağa və hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün danışıqlar masasına oturmağa məcbur edə bilər.
Biz vurğulayırıq ki, təcavüzün təkrar olunmaması üçün Ukrayna üçün hüquqi baxımdan məcburi və etibarlı təhlükəsizlik təminatları vacibdir.
Biz həmçinin aqressorun cəzalandırılmasının vacibliyini vurğulayırıq – buna Ukraynaya qarşı təcavüz cinayətinə görə Rusiya Federasiyasının ali siyasi rəhbərliyinin xüsusi tribunal tərəfindən mühakimə olunması da daxildir.
Beynəlxalq hüquqa, xüsusən də BMT Nizamnaməsinə, onun ayrılmaz hissəsi olan Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmətin bərpası dünyaya aydın siqnal verəcək: təcavüz mükafatlandırılmır, əksinə cəzalandırılır.