Bu gün Sumqayıt Texnologiyalar Parkından Azərbaycan Respublikasının ali rəhbərliyinin tapşırığına əsasən Ukraynanın enerji infrastrukturunun bərpası üçün yeni humanitar yardım partiyası təcili qaydada yola salınır.
Yüklərə daxildir:
• 11 ədəd güclü generator və 5 transformator;
• 27 000 metrdən artıq kabel və naqil;
• 29 ədəd aşağı gərginlikli panel.
Bu yardım paketi Rusiya tərəfindən həyata keçirilən terrorçu atəşlərdən sonra Ukraynanın enerji sisteminin bərpasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə çox vaxtında və son dərəcə mühüm töhfədir.
Ukraynanın səfiri
Yuriy Husyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, bütün rəhbərliyə və Azərbaycan xalqına Ukrayna xalqına göstərilən daimi dəstək və həmrəyliyə görə səmimi təşəkkürünü bildirib.
“Bu, ölkələrimiz arasında həqiqi strateji tərəfdaşlığı və möhkəm dostluğu, eləcə də çətin zamanlarda bir-birimizi dəstəkləməyə və ədalətli sülhə birgə yaxınlaşmağa hazır olduğumuzu bir daha təsdiqləyir”, – deyə Yuriy Husyev vurğulayıb.