Tərəflər aktual beynəlxalq hadisələri, xüsusən də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını müzakirə etmişlər. Ali Radanın Sədri qeyd etmişdir ki, bu, Cənubi Qafqazda uzunmüddətli sülhə doğru mühüm bir addımdır.
Ruslan Stefançuk vurğulamışdır ki, Ukrayna BMT Nizamnaməsinin, beynəlxalq hüququn, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanan təşəbbüsləri dəstəkləyir.
O, əlavə etmişdir: “Ukraynanın iştirakı olmadan qəbul edilən istənilən qərar – sülhə qarşı qəbul edilən qərardır. Avropa dövlətinin gələcəyini Avropasız və Ukraynasız müzakirə etmək yolverilməzdir. Bizim mövqeyimiz ardıcıldır: Rusiya qətlləri dayandırmalı və atəşkəsə razılıq verməlidir”, – deyə Ruslan Stefançuk bildirmişdir.
Ayrıca, Ali Radanın Sədri Rusiyanin azərbaycanlılara qarşı repressiyaları və Ukraynada SOCAR obyektlərinə hücumlarla bağlı Azərbaycana həmrəylik ifadə etmişdir.
“Bu cinayətlər eyni təcavüz zəncirinin həlqələridir və biz onları qətiyyətlə pisləyirik”, – deyə Ruslan Stefançuk vurğulamışdır.
Ali Radanın Sədri xanım Qafarovanı rəsmi səfər çərçivəsində Ukraynanı ziyarət etməyə və 23–24 noyabr tarixlərində Stokholmda keçiriləcək Krım Platformasının Dördüncü Parlament Sammitində iştirak etməyə dəvət etmişdir.
“Bakıya dəvətinizə görə də minnətdaram – bu, paytaxtlarımız arasında parlamentlərarası dialoqun gücləndirilməsinə xidmət edəcək”, – deyə Ruslan Stefançuk əlavə etmişdir.