5 may 1996-cı ildə Bakıda Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi fəaliyyətə başlamışdır.
Ukrayna ilə Azərbaycan arasında rəsmi diplomatik münasibətlər 6 fevral 1992-ci ildə qurulsa da, qarşılıqlı əlaqələrimizin kökləri daha dərinə gedib çıxır. Hələ XX əsrin əvvəllərində, müstəqillik uğrunda mübarizə dövründə ukraynalılar artıq Azərbaycan torpağında diplomatik təmsilçiliyə malik idilər.
Bakıda ilk Ukrayna konsulluq məntəqəsi 1918-ci ilin sentyabrında — Azərbaycan Xalq Cümhuriyyətinin elanından qısa müddət sonra açılmışdır. Artıq 21 sentyabr 1919-cu ildə AXC Xarici İşlər Nazirliyi Bakıda ukraynalı icmanın rəhbəri cənab Qolovanı UXR-in müvəqqəti vitse-konsulu kimi tanımışdır.
1919-cu il 8 fevral tarixində Ukrayna Xalq Respublikasının Azərbaycandakı Xüsusi diplomatik missiyasının rəhbəri İvan Kraskovski AXC rəhbərliyinə etimadnaməsini təqdim etmişdir. Həmin ilin oktyabrında isə Bakıya tamhüquqlu Ukrayna diplomatik missiyası gəlmişdir. Bu, ölkələrimiz arasında ilk real dövlətlərarası əməkdaşlıq nümunələrindən biri olmuşdur.
1991-ci ildə Ukraynanın müstəqilliyini bərpa etməsindən sonra Azərbaycan onun dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. O vaxtdan etibarən münasibətlərimiz dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq əsasında ardıcıl şəkildə inkişaf edir.
Ukraynanın Azərbaycandakı Səfirliyi 5 may 1996-cı ildə açılmışdır. Əvvəlcə səfirlik “Azərbaycan” otelində icarəyə götürülmüş binada fəaliyyət göstərmiş, 15 oktyabr 2001-ci ildən isə görkəmli Azərbaycan xadimi və AXC-nin Ukraynadakı ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin adını daşıyan küçədə yerləşən öz binasında fəaliyyətini davam etdirir. Bu, xalqlarımız arasında tarixi bağlılığı və qarşılıqlı hörməti simvolik şəkildə vurğulayır.
Bu tarixi birlikdə yaradan və bu gün də davam etdirən hər kəsə təşəkkür edirik