Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi İran dronlarının Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ərazisinə hücumu ilə bağlı yayılan məlumat və xəbərləri diqqətlə izləyir.
İranın pilotsuz uçuş aparatları artıq uzun müddətdir ki, terror alətinə çevrilmişdir. Məhz bu silahları İran rejimi Rusiyaya ötürmüşdür və Rusiya onlardan Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə edir.
Ukraynanın xarici işlər naziri Andriy Sıbihanın vurğuladığı kimi:
«Biz hər zaman İran xalqının — məhz xalqının tərəfindəyik. İran rejimi onilliklərdir regionu terrora məruz qoyur, digər ölkələrdə sabitsizlik yaradan terrorçu qruplaşmaları dəstəkləyir və maliyyələşdirir».
Ukrayna beynəlxalq hüquqa, insan ləyaqətinə və insan həyatına hörmətsizlik edən rejimlərin yaratdığı təhlükənin nə olduğunu yaxşı bilir.
Biz Azərbaycanla həmrəyliyimizi və dəstəyimizi ifadə edir, qlobal təhlükəsizliyi sarsıdan, eləcə də xalqlarımızın gələcəyini təhlükə altına qoyan rejimlərə qarşı mübarizənin gücləndirilməsi naminə hər kəsi birləşməyə çağırırıq.