5 aprel tarixində Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Vladyslav Kanevskyi ADA Universitetinin diplomatik korpus üçün təşkil etdiyi brinfinqdə iştirak edib. Tədbir Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə keçirilib. Minatəmizləmə mövzusu bu gün Azərbaycan üçün xüsusi olaraq aktuallaşıb və bu məsələyə ölkənin rəhbərliyi tərəfindən böyük diqqət ayrılır.
Ukrayna Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsi üzrə qarşı-qarşıya qaldığı məsələləri hər kəsdən daha yaxşı anlayır. Hal-hazırda, Rusiyanın Ukraynaya qarşı davam edən silahlı təcavüzü ilə əlaqədar olaraq, Luqansk və Donetsk vilayətlərinin 16 min kvadrat kilometrə yaxın ərazisi təhlükəli partlayıcı əşyalarla çirklənmiş haldadır. Ukraynanın Silahlı Qüvvələri, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət xidməti və Xüsusi Dövlət Nəqliyyat Xidmətinin bölmələri hər gün mina təmizləyərkən həyatlarını risk altına atırlar.
Ərazilərin partlayıcı əşyalardan təmizlənməsi Ukrayna və Azərbaycan qarşısında duran ən vacib tapşırıqlardan biridir. Ölkələrimizdə effektiv minatəmizləmənin həyata keçirilməsi isə minasız dünyanın yaradılması üzrə iddialı məqsədimizin gerçəkləşməsinə təsir edəcəkdir.