Stokholmda keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.
Tərəflər 2022-ci ildə Ukrayna ilə Azərbaycan arasında siyasi dialoqa yeni təkan vermək barədə razılığa gəliblər, xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin təşkili, xarici işlər nazirlərinin səfər mübadiləsi məsələləri müzakirə edilib.
Nazirlər enerji və infrastruktur sahələrində irimiqyaslı layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.
Həmsöhbətlər regional və beynəlxalq gündəlikdəki bir sıra məsələləri müzakirə edib, regionda təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər Ukrayna və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü davamlı şəkildə dəstəklədiklərini təsdiqləyiblər.
Arayış üçün: COVID-19 pandemiyasına baxmayaraq, 2021-ci ilin ikinci yarısından başlayaraq Ukrayna ilə Azərbaycan arasında xarici ticarətdə müsbət tendensiya müşahidə olunur.
2021-ci ilin yanvar-sentyabr aylarında ikitərəfli mal və xidmət ticarəti 691,5 milyon dollar (↑ 33,3%) təşkil edib: ixrac - 294,5 milyon dollar (↑ 6,2%); idxal - 397 milyon dollar (↑ 64,5%).
2022-ci il fevralın 6-da Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq.