«HƏMRƏYLİK ENERJİSİ»
Ukrayna üçün generatorların toplanması kampaniyasını elan edirik!
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinə Ukraynanın Uşaqların İşləri üzrə Dövlət Xidməti, Xarkov Şəhər Şurası, eləcə də digər qurum və təşkilatlar tərəfindən uşaqların həyat və təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan obyektlərin və mülki obyektlərin müxtəlif gücə malik generatorlarla təmin olunmasına kömək göstərilməsi xahişi ilə müraciətlər daxil olub.
Qarşıda çətin qış dövrü dayanır. Bu, bəlkə də, müasir Ukrayna dövlətinin tarixində ən ağır qış olacaq. Rusiya Ukraynanın şəhərlərinə və enerji infrastrukturuna qarşı gündəlik məqsədyönlü, kütləvi terror hücumlarını davam etdirərək insanları işıqdan, istilikdən və su təchizatından məhrum etməyə çalışır.
Bu gün generator sadəcə avadanlıqdan daha böyük məna daşıyır. O, uşaqlar və böyüklər üçün sarsılmazlıq işığı, evlərdə istilik, mühüm müəssisələrin fasiləsiz fəaliyyəti, hətta uzunmüddətli elektrik kəsintiləri zamanı belə insanların həyatını xilas etmək və ehtiyacı olanlara yardım göstərmək imkanıdır.
Ukraynanın dostlarını — Azərbaycan biznesinin nümayəndələrini, şirkətləri, ictimai təşkilatları və biganə qalmayan hər kəsi Xarkov və Ukraynanın digər mülki obyektləri üçün generatorların toplanması kampaniyasına qoşulmağa çağırırıq.
Təqdim edilən hər bir generator bu gün köməyə ən çox ehtiyacı olan insanlara göstərilən konkret dəstəkdir.
Əgər generator bağışlamağa və ya onun alınmasına maliyyə dəstəyi göstərməyə hazırsınızsa, xahiş edirik, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi və ya Ukrainian Center in Baku ilə əlaqə saxlayın:
+994 50 255 75 18
Azərbaycanın ali rəhbərliyinə və xalqına, azərbaycanlı tərəfdaşlarımıza, biznes nümayəndələrinə və Ukraynaya dəstək göstərən hər kəsə səmimi təşəkkürümüzü bildiririk. Sizin həmrəyliyiniz ən vacib dəyərləri — insanların həyatını, evlərdə istiliyi və hətta ən qaranlıq vaxtlarda belə yanımızda həqiqi dostların və tərəfdaşların olduğuna inamı qorumağa kömək edir.
Ötən il qayğıkeş insanların və təşkilatların dəstəyi ilə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin, Kiyev və Jitomir vilayətlərindəki ayrı-ayrı icmaların, eləcə də Kiyev və Xerson şəhərlərindəki xəstəxanaların ehtiyacları üçün müxtəlif gücə malik 67 generator əldə edərək təhvil verə bildik. Bu həmrəyliyə və Ukraynaya göstərilən mühüm dəstəyə görə hər kəsə sonsuz minnətdarlığımızı bildiririk.
Ukraynaya dəstəyi gücləndirməyə və «Həmrəylik enerjisi» layihəsinə qoşulmağa çağırırıq.
Gəlin, uşaqlara və qəhrəman şəhər Xarkova qışı işıq və istilik içində qarşılamağa kömək edək!
Birlikdə — işığın qələbəsi, uşaqların həyatı və Ukraynanın enerji dayanıqlılığı naminə!