Tərəflər qarşıdan gələn istilik mövsümünə hazırlıq və Ukraynanın enerji sisteminin ehtiyaclarını müzakirə ediblər. Əsas prioritetlər sırasında transformatorlar, generatorlar və mümkün Rusiya hücumlarından sonra enerji obyektlərinin sürətlə bərpası üçün kritik əhəmiyyətli avadanlıqların ehtiyatının formalaşdırılması yer alıb.
Enerji infrastrukturunun mühafizəsi məsələlərinə də xüsusi diqqət ayrılıb. Enerji obyektlərinin dayanıqlığının artırılması üçün yeni həllərin və texnologiyaların axtarışı, eləcə də bu sahədə mümkün mühəndislik həlləri müzakirə olunub.
“Azərbaycan enerji sahəsində Ukraynanın mühüm tərəfdaşlarından biri olaraq qalır. Ötən qışın ən çətin dövründə Azərbaycan tərəfi generatorlar, transformatorlar, kabel məhsulları və digər həyati əhəmiyyət daşıyan avadanlıqlar təqdim edib. Ümumilikdə, genişmiqyaslı müharibə dövründə Azərbaycan Ukrayna üçün 11 enerji dəstəyi paketi elan edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və ölkə rəhbərliyinə Ukraynaya göstərdikləri ardıcıl dəstəyə, həmçinin enerji sistemimizin dayanıqlığının gücləndirilməsinə verdikləri töhfəyə görə ayrıca təşəkkür edirəm.
Enerji sahəsində Ukrayna və Azərbaycan şirkətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində və yeni birgə layihələrin həyata keçirilməsində maraqlıyıq”, – deyə Ukrayna Energetika Nazirliyinin rəhbəri qeyd edib.