Bakı şəhərində yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanında uşaqları Ukraynanın Azərbaycandakı səfiri
Yuriy Husyev, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadə, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Pərviz Səfərov qarşılayıblar.
Uşaqların hamısı doğma şəhərlərinin Rusiya işğalı zamanı yaşanan dəhşətləri öz gözləri ilə görmüş məcburi köçkün şəxslərdir. Onların arasında hazırda xidmət edən hərbi qulluqçuların, döyüş əməliyyatları iştirakçılarının, həmçinin Rusiya əsirliyindən azad edilmiş Ukrayna müdafiəçilərinin övladları da var.
Yaxın günlər ərzində onlar Azərbaycanın füsunkar Qəbələ şəhərində istirahət edəcək, burada sağlamlıqlarını bərpa etmək, dağ təbiətinin gözəlliyindən zövq almaq və Azərbaycan xalqının səmimi qayğısını və qonaqpərvərliyini hiss etmək imkanı qazanacaqlar.
Səfər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanmasından bu günədək artıq 624 ukraynalı uşaq Azərbaycanda sağlamlaşdırma və reabilitasiya proqramlarından keçərək Azərbaycan xalqının səmimi dəstəyini, qayğısını və həmrəyliyini hiss edib.
“Bu çətin dövrdə ukraynalı uşaqlara yardım edən Azərbaycan rəhbərliyinə, Azərbaycan xalqına və bu işə töhfə verən hər kəsə səmimi təşəkkürümüzü bildiririk. Bu, xalqlarımız arasında humanizmin, dostluğun və qarşılıqlı dəstəyin əsl təzahürüdür”, – deyə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev bildirib.