İyunun 17-si Ukrayna və Azərbaycan Respublikasının Xarici işlər nazirlərinin müavinləri Vasıl Bodnar və Xələf Xələfov səviyyəsində video-konfrans formatında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
Tədbiri açaraq, V.Bodnar koronavirus pandemiyasının fəsadlarının aradan qaldırılması üçün Azərbaycan tərəfindən Ukraynaya çatdırılmış humanitar yardıma görə həmkarına təşəkkür edib. Tərəflər COVID-19-la mübarizə məsələsində gələcək səylərin birləşdirilməsi barədə razılaşıblar.
Məsləhətləşmələr zamanı əsas diqqət siyasi, ticarət-iqtisadi, energetika, nəqliyyat, mədəni-humanitar, hərbi-texniki sahələrdə Ukrayna-Azərbaycan əməkdaşlığının perspektivli istiqamətlərinə yönəlmişdir.
Bundan əlavə, beynəlxalq və regional təşkilatlar, xüsusilə də, BMT, ATƏT, AŞ, QDİƏT və GUAM çərçivəsində ikitərəfli əməkdaşlığın gələcək addımlarına dair fikir mübadiləsi aparılmışdır.
Həmçinin, hər iki dövlətin ərazi bütövlüyünün dəstəklənməsinə dair geniş məsələlər spektri və işğal edilmiş ərazilərə dair siyasətin ayrı-ayrı aspektləri müzakirə edilib.
Tərəflər gələcək əməkdaşlıq alqoritminin, o cümlədən idarələrarası səviyyəsində uzlaşdırılmasına diqqət yetiriblər və müvafiq karantin məhdudiyyətləri bitdikdən sonra yüksək səviyyəli qarşılıqlı ikitərəfli səfərlərin bərpası məsələsini müzakirə ediblər.